İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) hərbi təlimlərə yeraltı ballistik raketlər çıxarıb. Hörmüz boğazında keçirilən təlimlərə ABŞ təyyarədaşıyan gəmisinin maketi də cəlb olunmuşdu. Bir gün öncə isə İİKK vertolyotdan həmin maketi hədəfə alan raket buraxmışdı.
Dövlət televiziyasının iyulun 29-da bildirməsinə görə, dronlar gəminin maketini ayrı-ayrılıqda hədəfə alıb. Ancaq bu görüntülər yayımlanmayıb, təlimə hansı raketlərin cəlb olunduğu da açıqlanmayıb.
ABŞ ordusunun məlumatına görə, təlimlərdə ballistik raket buraxılması Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki ABŞ bazalarını hərəkətə gətirib. Həmin vaxt əsgərlər sığınacaqlara çəkiliblər.
“İnsident bir neçə dəqiqə çəkib, təhlükə sovuşub”, – Qətərdəki ABŞ Mərkəzi Komandanlığının sözçüsü Beth Riordan deyib.
Buna da bax: İranın cənubunda təlimlər başlanır
Təlim görüntüləri
Hər iki baza İranın maket gəmi yerləşdiridiyi yerdən bir neçə yüz kilometr uzaqdadır.
Tehranla Vaşinqtonun münasibətləri 2018-ci ildən gərginləşib. Həmin ilin mayında Birləşmiş Ştatlar İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana iqtisadi sanksiyaları bərpa edib.
Yanvarda ABŞ İranın əsas generallarından birini Bağdad yaxınlığında dron zərbəsilə öldürüb. Tehran buna ballistik raket zərbələri ilə cavab verib, İraqda onlarla Amerika hərbçisi xəsarət alıb.
Buna da bax: ABŞ Suriya üzərində İranın sərnişin təyyarəsini təqib edib
Vaşinqton BMT-nin Tehrana tətbiq etdiyi silah embarqosunun qaldırılmasına çalışır. Embarqonun vaxtı oktyabrda bitir.
Bu yaxınlarda Suriyada Amerika qırıcısının İranın sərnişin təyyarəsinə yaxınlaşması isə gərginliyi daha da artırıb.
Dövlət televiziyası iyulun 28-də təlimlərin ilk günündən görüntü yayıb. Görüntüdə vertolyotdan buraxılan raket hərbi gəmi maketinin böyrünə çırpılır.
ABŞ Donanması “İranın məsuliyyətsiz və məntiqsiz davranışını” pisləyib, onu “qorxutmaq və məcbur etmək” cəhdi adlandırıb.