Yeni koronavirus indi 13 ölkədə yayılıb. 2794 nəfərin virusa yoluxduğu təsdiqlənib.
The New Scientist saytı yazır ki, dünya boyunca on minlərlə insan tibbi müşahidə altındadır.
İndiyədək bu virusdan ölənlərin sayı 81 nəfərə çatıb.
Ölü sayının artacağına dair proqnozlar var. Çinin səhiyyə rəsmiləri bildirirlər ki, virusun simptomları dərhal hiss edilməyə bilər. Bu isə virusun insanlar arasında yayılmasının qarşısının alınmasının asan olmayacağını göstərir.
Hazırda virus Asiyada, Şimali Amerikada, Avstraliya və Avropada yayılıb.
Çindən kənarda qeydə alınan yoluxma hallarının yalnız Çinin Hubey vilayətində olan insanlardan qaynaqlandığı məlumdur.
Virusun bundan sonra hansı sürətlə yayılacağı onun insandan insana nə dərəcədə tez və asanlıqla keçməyindən asılı olacaq.
İngiltərədəki Oksford Universitetindən Robin Thompson bildirib ki, virusa yoluxmuş hər bir insan onu potensial olaraq 3 nəfərə ötürə bilər.
Problem burasındadaır ki, yeni virus haqqında kifayət qədər elmi məlumat yoxdur.
Buna da bax: Virus xofundan neft ucuzlaşır - Qərb mediası
SARS-ın dərsləri
Bu səbəbdən də alimlər yeni virusla 2003-cü ildə yayılmış SARS (sərt kəskin tənəffüs sindromu) virusu arasında müqayisə aparırlar.
SARS o vaxt 8 min insana yoluxmuşdu. Alimlər bildirirlər ki, hər iki virus eyni ailəyə aiddir və hər ikisi qızdırma və pnevmoniyaya səbəb olur.
Bununla belə koronovirusun daha az ölümcül olduğu düşünülür. Yeni virusun ölümcüllük dərəcəsi hazırda 2,8 faizdir. SARS-ın ölümcüllüyü 9,6 faiz idi. Thompson deyir ki, bu fakt insanları arxayın salmamalıdır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ən azı ona görə ki, yeni virus SARS-dan daha sürətlə yayılır. Bu virusa üç həftədə 3000 min yoluxma halı baş verib.
SARS-ın yayılması 2004-cü ildə başa çatıb.
Amma yeni virusun simptomsuz yoluxması narahatlıq doğurur.
Belə bir təhlükə də var ki, koronavirus mutasiya edərək daha ölümcül ola bilər. Amma Dünya Səhiyyə Təşkilatı bildirib ki, hələlik virus “stabildir”.
Buna da bax: Çində virusdan ölənlərin sayı 80-ə çatıb
Yarasalar, ilanlar…
Bu arada Çinin səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq üçün misli görünməmiş tədbirlərə əl atıb.
Virusun ilk dəfə qeydə alındığı Vuhan şəhərində hava limanı bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Çində bir çox başqa şəhərlərə də giriş-çıxış qadağan edilib.
Çin hökuməti habelə bazar və restoranlarda diri heyvanların satışını qadağan edib. Hərçənd virusun insanlara hansı heyvandan keçdiyi hələ də naməlum qalır.
Son versiyaya görə virus insanlara yarasalardan, amma ilanlar vasitəsilə keçib.
Bu heyvanlar Çin bazarlarında satılır.