Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:51

Yerli müşahidəçilərin çoxluğu nədən xəbər verir?


Prezident seçkisindən fərqli olaraq, ATƏT-dən referendumu izləməyə müşahidəçi gəlməyəcək
Prezident seçkisindən fərqli olaraq, ATƏT-dən referendumu izləməyə müşahidəçi gəlməyəcək
- Siz hansı təşkilatdansınız?
- Qeyri-müəyyən təşkilatından.
- Nə? Qeyri-müəyyən olmaz!
- Yox ee…qeyri-hökumət təşkilatından.
- Qeyri-hökumət təşkilatının adı nədir?
- ASCE…
- ASCE olmaz. Bax yaxandakı vəsiqəyə, oxu…
- …AVCİYA
- Hə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası. Seçkilər necə gedir?
- Hər şey qaydasındadır…

Bu, son prezident seçkisində Bakıdakı məntəqələrin birində yerli müşahidəçi ilə qısa söhbətimizdəndir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyir ki, indiyə qədər referendumda iştirak etmək üçün onlara 40 mindən çox yerli müşahidəçi müraciət edib. Həmin müşahidəçilərdən neçəsinin təmsil etdikləri təşkilatın adını bildiklərini referendum günü göstərəcək. Həmin yerli müşahidəçinin təmsil olunduğu Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətinin rəhbəri Məhərrəm Zülfüqarlı isə deyir ki, onlar müşahidəçilərlə ciddi işləyirlər:

- Mən özüm rayonlarda bir neçə dəfə müşahidəçilərə treninqlər keçirmişəm. Bizdə belə hal ola bilməz ki, müşahidəçi öz təşkilatını tanımasın?
- Yox! Bizdə belə səslər var!
- Ola bilər. Bu dəfə belə hallar olmayacaq.

Prezident seçkisindən fərqli olaraq, ATƏT-dən referendumu izləməyə müşahidəçi gəlməyəcək. Ancaq Məzahir Pənahov xarici müşahidəçilərin olacağını istisna etmir:

- Avropa Şurasından və MDB Parlament Assambleyasından nümayəndə heyəti gələcək. MDB-nin ayrıca müşahidə missiyası da olacaq. Bundan başqa, Bakıdakı diplomatik korpus da referendumu izləyəcək.

Boykot qərarı vermələrinə baxmayaraq «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı da referendumu müşahidə etmək niyyətindədir. Hərəkatın səlahiyyətli nümayəndəsi Gülağa Aslan deyir ki, onlar Bakının 90 faiz məntəqəsinə ən azı 2 müşahidəçi göndərə biləcəklər. Onun sözlərinə görə, hərəkata daxil olan müxalifət partiyalarının güclü olduğu rayonlarda da müşahidəçiliyi təşkil etməyə çalışacaqlar. Onlar ehtimal edirlər ki, belə rayonların sayı heç də 50 faizdən az olmayacaq.

Hərəkat təmsilçisinin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının əksəriyyəti gizli danışıqlara gedərək prezident seçkisində hakimiyyətin maraqlarına xidmət ediblər. Gülağa Aslan deyir ki, həmin qeyri-hökumət təşkilatlarının büdcə təşkilatlarında çalışan və ya təsadüfi seçilən müşahidəçiləri bir qayda olaraq baş verən pozuntulara göz yumublar. Belə bir vəziyyətin yenidən təkrarlanma ehtimalı da onun fikrincə, «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatından daha çox məsuliyyətli olmağı tələb edir:

- Biz müşahidəçiliyin sirlərini indidən açıqlamaq istəmirik. Ancaq bircə onu deyim ki, qeydə alınan müşahidəçilərdən başqa, biz passiv müşahidə missiyası da yaradacağıq.

Gülağa Aslan deyir ki, indidən müşahidəçilərlə ciddi hazırlıq işi aparırlar. Bu hazırlığa qanunvericiliklə ciddi tanış olmaq, təxribatlara uymamaq və əgər təzyiqlər olacaqsa, ona duruş gətirmək yolları haqda tövsiyələr daxildir.
XS
SM
MD
LG