Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Türkiyə ilə Ermənistanın razılaşdığı «yol xəritəsi» nədir?


Ermənistanla Türkiyə arasında barışığın yol xəritəsinin razılaşdırılması Vaşinqtonda müsbət qarşılanıb
Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılmasının çərçıvəsini müəyyən ediblər. Bu barədə hər iki ölkənin verdiyi birgə bəyanat çox qısadır. Cəmi 95 sözdən ibarət sənəddə deyilir ki, hər iki tərəf bu normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə ediblər və qarşılıqlı anlaşmaya gəliblər, ikitərəfli əlaqələrin qarşılıqlı faydalı normallaşmasının çərçivəsini razılaşdırıblar. Bununla da normallaşmanın yol xəritəsi müəyyən olunub.

Razılaşdırılan çərçivə nədir? Tərəqqi nədən ibarətdir? Danışıqların yekunu olan saziş nə vaxt imzalana bilər? Türkiyənin və Ermənistanın danışıqlarına vasitəçilik edən İsveçrə də daxil, Ermənistanla Türkiyənin verdiyi birgə tərəqqi hesabatında detallar bildirilmir.

Ermənistanla Türkiyə arasında barışığın yol xəritəsinin razılaşdırılması Vaşinqtonda müsbət qarşılanıb. Dövlət Departamentinin sözçüsü Robert Vud deyib ki, Birləşmiş Ştatların bu məsələdə mövqeyi çoxdan məlumdur. Amerika bu mövqedə qalır ki, Türkiyə ilə Ermənistanın münasibətləri heç bir ilkin şərt qoyulmadan normallaşmalıdır və bu, müəyyən, ağlabatan zaman kəsiyində baş verməlidir. Yəni çox uzanmamalıdır.

Ankara ilə Yerevanın birgə bəyanatını təhlilçilər belə qiymətləndirirlər ki, bu bəyanatın aprelin 24-ü ərəfəsi verilməsi təsadüfi deyil. Vaxtilə Osmanlı Türkiyəsində ermənilərin kütləvi qırğını ilə bağlı aprelin 24-də Ağ Ev ənənəvi illik bəyanatını verməlidir.

Yerevandakı Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosyan isə deyir ki, əksinə, normallaşma bəyanatının aprelin 24-ü ərəfəsi verilməsi Ermənistandakı millətçiləri narazı sala bilər:

«Azərbaycanın narazılığı ilə üzləşən Türkiyənin timsalında gördük ki, Türkiyə öz cəmiyyətini Ermənistanla münasibətlərin normallaşmasına hazırlaya bilmədi. Ermənistan da öz cəmiyyətini nəinki Türkiyə ilə münasibətlərin normallaşmasına, heç Qarabağ probleminin həllinə də hazırlamayıb. İndi aprelin 24-nə iki gün qalmış Ermənistan rəhbərliyinin Türkiyə ilə belə bir sənəd imzalaması Ermənistanda millətçilərin hökumətə hücumlarına yol açır».

«Yol xəritəsinin yekunları nə ola bilər» - sualına cavabında Giraqosyan deyir ki, normallaşma olsa, yəqin ki, sərhədlər açılacaq. Ola bilsin, hökumətlərarası komissiya yaradılacaq ki, mübahisəli məsələləri, o cümlədən soyqırımı iddiasını araşdırsın.

Ancaq Dağlıq Qarabağ probleminin həll olunmaması bu normallaşmaya necə təsir edəcək? Bu, açıq sual olaraq qalır. Hətta Dağlıq Qarabağ problemi normallaşma prosesini pozacaq amilə də çevrilə bilər.
XS
SM
MD
LG