Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:18

Saakaşvili yenidən Rusiyanı ittiham etdi


«Bir vaxtlar Avropanın özünü iki yerə ayıran divar indi bizim ölkəmizin ərazisinin beşdə birini ayırır»
«Bir vaxtlar Avropanın özünü iki yerə ayıran divar indi bizim ölkəmizin ərazisinin beşdə birini ayırır»
Sentyabrın 24-də BMT-nin Baş Assambleyasında çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili «Berlin divarı» ilə Avropadakı yeni süni ayırıcı xətlər arasında paralel aparıb. Bu süni ayırıcı xətlərin yaradılmasına görə dolayısı ilə Rusiyanı günahkar sayıb:

SAAKAŞVİLİ SEPARATÇI ABXAZİYA VƏ CƏNUBİ OSETİYANI NƏZƏRDƏ TUTUB

«Bir vaxtlar Avropanın özünü iki yerə ayıran divar indi bizim ölkəmizin ərazisinin beşdə birini ayırır. Bu divar Avropanın bir ölkəsinin tanınmış beynəlxalq sərhədləri daxilində süni şəkildə ayırıcı xətlər yaradır».

Saakaşvili bunu deyəndə separatçı Abxaziya və Cənubi Osetiya regionlarını nəzərdə tutub. Bu iki bölgə 90-cı illərdə baş vermiş müharibədən sonra Gürcüstandan ayrılıb. Hər iki region Gürcüstanla Rusiya arasında Cənubi Osetiya ilə bağlı ötən il baş vermiş 5 günlük müharibədən sonra müstəqilliyini elan edib. İndiyə qədər Rusiyadan başqa yalnız Nikaraqua və Venesuela onların müstəqilliyini tanıyıb.

Saakaşvilinin BMT-nin Baş Məclisində söylədiyi fikirlər Avropanın tanınmış şəxslərindən ibarət qrupun çərşənbə axşamı dərc etdiyi açıq məktubdakı fikirlərlə səsləşir. Bu qrupa fransız filosofu Bernard Henri Levi rəhbərlik edir.

Burdakı görkəmli şəxslər arasında Çexiyanın keçmiş prezidenti Vaslav Havel də var. Həmin qrupun məktubunda Avropa İttifaqına müraciət olunaraq bildirilir ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana geri qaytarılmasına kömək etsinlər.

BU GÜN QARŞILAŞDIĞIMIZ AKTIN BIR ADI VAR – SİLAHLI TƏCAVÜZ

Saakaşvili öz çıxışında keçən ilki müharibəyə görə Rusiyanı ittiham edərək bunları da deyib:

«Bu gün qarşılaşdığımız aktın bir adı var – silahlı təcavüz, etnik təmizləmə, insan hüquqlarının kütləvi pozuntusu və davam edən qanunsuz işğal».

Separatçı Cənubi Osetiyanın rəhbəri Eduard Kokoyto ötən ilki müharibəyə görə Gürcüstan prezidentini günahlandırmaqla cavab verib. O bildirib ki, Cənubi Osetiya bir daha Gürcüstanın tərkib hissəsi olmayacaq.

Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonra tərəflər öz silahlı qüvvələrini müharibədən əvvəlki mövqelərə çəkməyə razılaşıblar. Hazırda Rusiyanın Cənubi Osetiyada və Abxaziyada minlərlə silahlı qüvvəsi var. On minlərlə dinc əhali öz yurd-yuvasından didərgin düşüb. Ancaq Saakaşvili deyib ki, gürcü xalqının Gürcüstanın suverenliyi və bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir. Saakaşvili beynəlxalq ictimaiyyəti Gürcüstana laqeyd qalmamağa çağırıb.

MEDVEDEVİN CAVABI

Rusiya prezidenti Dmitri Medvedev isə Pitsburq Universitetində tələbələrlə görüşündə çıxışı zamanı bir daha Saakaşvili rejimini qeyri-legitim saydığını vurğulayıb:

«Rusiya Gürcüstanla, Gürcüstan hökuməti, Gürcüstan rəhbərliyi ilə yaxşı münasibətlər quracaq. Ancaq şəxsən mən Gürcüstan prezidenti Mixail Saakaşvili ilə heç bir münasibət saxlamayacağam. Mən inanıram ki, o öz xalqına, Cənubi Osetiya və Abxaziya xalqına qarşı cinayət törədib».

Gələn həftə Avropa Birliyinin ötən ilki müharibənin səbəbləri ilə bağlı hesabatını açıqlayacağı gözlənilir.
XS
SM
MD
LG