Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:54

10 faizlik artım pensiyaçının hansı dərdinə dərmandır?


►“Xəstəyəm, həkimə getdim, yazdığı dərmanları ala bilmirəm. Dərman da, ərzaq da bahadır.

Bir kilo kartof aldım, bir dənə də çörək. Kartofu hələ nisyə almışam. Pensiyaçının günü, bax, belədir. 5 manatla, 10 manatla düzələn iş deyil bu...”

Fevralın 1-dən yaşa görə əmək pensiyalarının baza hissəsi 10 faiz artırılır. Prezidentin sərəncamı ölkədəki 1 milyon 296 min pensiyaçıdan təxminən 1 milyon 223 mininə aid ediləcək.

“Gedib dükan-bazardakı qiymətlərə də baxsın...”

Tahirə Baxşiyeva da pensiyası artanlardandır. Küçədə çətinliklə hərəkət edir. Tək yaşayan yaşlı qadın artımın heç bir dərdinə dərman olmayacağını deyir:

“10 manatın mənə nə köməyi ola bilər ki? Uzaqbaşı 10 manat nisyə borcumu verə bilərəm”...

Kommumal xərclərini ödəyən Nuşirəvan Əliyev isə pensiyasının ancaq bu ödənişlərə, bir də çörəyə çatdığını söyləyir:

“Mən heç kimə inanmıram, gördüyümə inanıram. Pensiyanı artırıb, hə, Allah köməyi olsun. Ancaq gedib dükan-bazardakı qiymətlərə də baxsın. Hələ bizim evin yaxşı istiliyi yoxdur, işığı da hava lap qaralanda yandırırıq ki, çox yazmasın. Mənim pensiyam onların pulunu ödəməyə çatır, yerdə bir-iki manat qala, qalmaya. O da quru çörəyin pulu...”

Buna da bax: “Azmont”un görünən və görünməyən üzü

“Qiymətlər 10 dəfə qalxıb”

Fikrini soruşduğumuz digər təqaüdçülərin də çoxu pensiya artımının hər şeyin bahalaşdığı indiki vaxtda dərdə dərman olmadığını bildirir:

- Deyirlər, pensiya artacaq. 10 manatdan artıq artmır ki. Bazarda bütün qiymətlər 10 dəfə qalxıb. Camaat çox pis vəziyyətdədir.

- Nə qədər artsa, ona da şükür.

- Mən onu bilirəm ki, nə qədər artsa da, yenə pensiyalar az, dolanışıq çətindir.

- Pensiya artır, hə, bəs bazardakı qiymət də artır axı. Özü də pensiyadan qat-qat çox artır.

- 10 manat, 20 manat artımla pensiyaçının dolanışığı düzəlməz. Bizm dərdimiz böyükdür.

- Bu, artım deyil axı. Bizi ələ salırlar, bizə heç belə artım lazım da deyil...

Buna da bax: Qanunlarda "süni qiymət artımı" deyilən anlayış yoxdu

Pensiyaçılar üçün kritik bir dönəm başlayır

Qadir İbrahimli
Qadir İbrahimli

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli deyir ki, Azərbaycanda pensiyaların həm minimal, həm də orta həddi nəinki Avropa ölkələri göstəricisindən, MDB göstəricilərindən belə aşağı səviyyədədir. Özü də bu, devalvasiyadan əvvəl belə idi:

“Devalvasiyadan sonrakı mərhələdə qiymətlər bir çox məhsul və xidmətlər üzrə təxminən iki dəfə artırılıb. Təbii ki, belə bir vəziyyətdə 10 faizlik pensiya artımı bazar qiymətlərinin artım tempinə adekvat deyil. Ölkədə tibbi sığortanın olmaması, ümumiyyətlə, sosial təminat sisteminin çox zəif vəziyyətdə olması pensiyaçıları ağrılı bir mərhələyə gətirib çıxarır. Az-çox övladlarının himayəsində yaşayan pensiyaçılar birtəhər bu mərhələni ötürə biləcəklər. Ancaq kimsəsiz təqaüdçülər, ya da pensiyadan başqa heç bir gəlir yeri olmayan ailələrin vəziyyəti kifayət qədər dözülməz bir həddədir. Ən azı, nəzərə almaq lazımdır ki, pensiyaçıların böyük əksəriyyəti tibbi xidmətə ehtiyac duyan bir təbəqədir. Azərbaycandakı dövlət xəstəxanalarında xidmətlər qeyri-rəsmi də olsa, pulludur. Bu baxımdan, pensiyaçılar üçün kritik bir dönəm başlayır”.

“Gərək bahalaşmanın qarşısı alınsın”

Araz Əlizadə
Araz Əlizadə

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə isə deyir ki, əsas məbləği artırmaq deyil, qiymətlərin bahalaşmasının qarşısı alınmalıdır:

“Əlbəttə, pensiyalar azdır. Heç kim deyə bilməz ki, bu, lazımı həddədir. Ancaq indiki iqtisadi böhranı nəzərə alsaq, artım müsbət addımdır. Əgər Azərbaycanda inhisarşılığa, korrupsiyaya son qoyulsa, pensiyalar insanların gündəlik təlabatını ödəyə bilər. Əsas ölkədəki monopolizmə son qoymaqdır. Belə olan halda pensiya bəs edə bilər. Ancaq pensiya elə bir şeydir ki, nə qədər çox olsa, o qədər yaxşıdır. Demirəm ki, indiki pensiyalar insanları tam təmin eləyir. Əsas məbləğ deyil, əsas qiymətlərin artmamasdır”.

Təqaüdçü Tahirə Baxşıyeva nə fikirləşdisə, nisyə kartof aldığı mağazaya yenidən girib kilosu 1 manata alma da aldı. Deyir, nəvəsi bu gün ona qonaq gələ bilər. Ancaq bir manatlıq almanı da nisyə dəftərinə yazdırdı...

XS
SM
MD
LG