Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:04

Rusiya üç gündür Kiyevi dronlarla vurur


Kiyevə dron zərbəsi
Kiyevə dron zərbəsi

Rusiya artıq üçüncü gündür Kiyevi və Ukraynanın digər regionlarını dron və raketlərlə vurur. Azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Kiyevin meri Vitali Kliçko ötən gecə paytaxta zərbələrdən bir kişinin həlak olduğunu, dörd nəfərin yaralandığını açıqlayıb. Binalara da ziyan dəyib.

Kiyevin hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, gecə paytaxt üzərində İran istehsalı azı 10 dron vurularaq yerə salınıb.

Ukrayna Daxili İşlər Nazirliyi məhv edilən pilotsuz təyyarələrin qalıqlarının Kiyevin dörd rayonuna düşdüyünü bildirib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri isə ayrılıqda bildirib ki, Kiyevi və Ukraynanın digər ərazilərini hədəf alan 20 dronun hamısı vurulub.

Həmçinin Qara dənizdən Ukrayna ərazisinə atılan iki “Kalibr” qanadlı raketi və Rusiyanın ilhaq etdiyi Krımdan atılan bir “İsgəndər” qanadlı raketi də məhv edilib.

Rusiyalı komandir “bir günün içində” işdən çıxarılıb

Döyüş zonasında isə Ukrayna qoşunları şərqi Donetsk vilayətindəki Baxmut ətrafında 35 döyüş əməliyyatında iştirak edib. Bunu Baş Qərargah iyulun 13-də səhər saatlarında bildirib. Ukrayna qüvvələrinin Baxmutda “orta sürətlə” irəlilədiyi, təşəbbüsü saxladığı bildirilir. Ancaq AzadlıqRadiosu bu məlumatları təsdiqlədə bilməyib.

Bu arada 58-ci ümumqoşun ordusunun komandiri, general-mayor İvan Popov iyulun 12-də deyib ki, Rusiya Baş Qərargah rəisinə raport göndərdikdən dərhal sonra işdən çıxarılıb. Bu qüvvələr hazırda Ukraynanın Zaporojye vilayətində döyüşlərdə iştirak edir. Popovun sözlərinə görə, Valeri Gerasimova cəbhədə Rusiya əsgərlərinin pis vəziyyətdə olmasından danışıb.

Rusiyalı deputat Andrey Gurulevin yaydığı səs mesajında Popov cəbhədə kütləvi ölümlərə səbəb olan problemlərdən danışır. Popovun sözlərinə görə, məruzədən sonra Müdafiə naziri Sergey Şoyqu “bir günün içində” onu işdən çıxarıb.

Vaqner silahları təhvil verir

İyulun 12-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Vaqner” özəl hərbi qruplaşması ötən ay qısamüddətli qiyamdan sonra 2 mindən çox hərbi texnikanı təhvil verib.

Qrup silah, o cümlədən tanklar, raketlər, 2 min 500 tondan çox döyüş sursatı və 20 minə yaxın atıcı silahın Rusiyanın nizami qüvvələrinə təhvil verilməsini başa çatdırır, nazirlik qeyd edir.

Məlumata görə, silahlar avadanlığın təmir oluna biləcəyi arxa mövqelərə göndərilir.

Bundan öncə “Vaqner” başçısı Yevgeni Priqojinin qiyamı dayandırmasıyla bağlı razılaşma əldə olunub. Ukraynadakı müharibənin ən ağır döyüşlərində iştirak edən Vaqner döyüşçülərinə təklif olunub ki, ya Priqojinlə Belarusa getsnlər, ya Rusiya nizami qüvvələrinə qoşulsunlar, ya da evlərinə qayıtsınlar.

Amma Priqojinin harada olduğu hələ də bəlli deyil. Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ötən həftə jurnalistlərə 62-yaşlı özəl qruplaşma rəhbərinin Rusiyada olduğunu deyib.

XS
SM
MD
LG