Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:55

«The Washington Post» yenə Azərbaycandan yazır


İlham Əliyev və Joe Biden
İlham Əliyev və Joe Biden

-

«Administrasiya ötən həftə avtokratlara həqiqəti demək fürsətini qaçırdı». Bu başlıqlı redaksiya məqaləsini ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti dərc edib.

BİRCƏ KƏLMƏ DEYİLMƏDİ

«Ötən həftə dünya avtokratlarından bəziləri Nüvə Təhlükəsizliyi Sammitinə qatıldılar. Bu kişilər tənqidçilərini həbsə atdırıblar, vətəndaş cəmiyyətinin özəyini məhv ediblər. Obama administrasiyası onlarla nəzakətlə davrandı. Ancaq bundan betərinə layiq idilər», - məqalədə deyilir.

Qəzet Azərbaycan prezidenti İlham Əliyevi misal çəkir: «O, tənqidçilərini mütəmadi olaraq həbs etdirir. Sammitdən öncə məhbuslardan bir qrupunu buraxdı, yəqin, bunun ortamı bir az yumşaldacağını düşündü. Ancaq araşdırmaçı-jurnalist Xədicə İsmayıl həbsdədir, insan haqları fəalları Leyla və Arif Yunuslar ölkədən çıxa bilmirlər. Dövlət katibi John Kerry cənab Əliyevlə görüşündə qonağını mürəkkəb regiondan gələn bir lider kimi təriflədi. Onlar enerji, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Əfqanıstandakı rolundan danışdılar. Demokratiya və insan haqları barədə kəlmə kəsmədilər».

BELƏMİ ÇƏTİNDİR?

Vitse-prezident Joe Biden də Əliyevlə görüşdü. İnsan haqları və vətəndaş cəmiyyəti fəallarının həbsdən buraxılmasını alqışladı, davamlı irəliləyişin, vətəndaş cəmiyyəti və hüququn aliliyinin vacibliyini vurğuladı. Bu barədə açıqlama yayıldı.

«Bu, xeyli nəzakətli və həvəsləndirici yanaşmadır. Faktiki, cənab Əliyev vətəndaş cəmiyyəti və hüququn aliliyinə sayğı göstərmir. Görəsən, Xədicə İsmayıl barədə açıqca danışmaq beləmi çətindir?», - deyə yazıda sual olunur.

«The Washington Post» daha sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın, Çin lideri Xi Jinping-in də ölkələrində tənqidçilərini susdurmalarından söz açır. Prezident Barack Obama sammit bitəndən sonra deyib ki, Erdoğan-a ölkəsində «informasiyanın repressiya olunması» barədə xəbərdarlıq edib. Ancaq Çin lideri ilə görüşdə də ifadə azadlığı uğrunda mübarizəyə görə həbsə düşənlərin adları çəkilməyib.

HƏMİŞƏKİNDƏN ARTIQ

Yazı bu sözlərlə yekunlaşır: «Çindən tutmuş Rusiyaya, Yaxın Şərqədək azadlıq mühasirəyə alınıb. İndi Birləşmiş Ştatlar azadlıq uğrunda savaşanları həmişəkindən artıq müdafiə etməlidir. Özəl söhbətlər dəyərlidir, ancaq açıq ismarışlar da lazımdır. «İnsanın ruhunu əzmək mümkün deyil» – sammitdə, kobudluq bahasına olsa belə, tiranlara, eləcə də dünyaya bunu xatırlatmaq vacibdir».

Prezident İlham Əliyev martın 31-də və aprelin 1-də Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib. O, prezident Barack Obama-nın verdiyi nahara qatılıb.

Hakimiyyət təmsilçiləri ölkədə insan hüquq və azadlıqlarının sıxışdırılması barədə tənqidləri qəbul etmirlər. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının, eləcə də nüfuzlu media orqanlarının tənqidi yazıları, reportajlarına da, adətən, sərt təpkiylə cavab verilir.

XS
SM
MD
LG