Naxçıvanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi zərər vurub

Naxçıvanda güclü qasırğa olub, 7 may 2006

«Bu il üç dəfə sahəyə tərəvəz şitilləri əkmişəm. Bir dəfə dolu məhv edib, bir dəfə yağış»


Aprelin ortalarından başlayaraq Naxçıvan Muxtar Respublikasında hökm sürən qeyri-sabit hava şəraiti insanlara ziyan vurmaqla yanaşı, kənd təsərrüfatının bütün sahələrinə də ciddi zərər verib. Havanın hələ də dəyişkən keçməsi ziyanın daha da artmasına səbəb olur. Əkin-biçinlə məşğul olanlar belə deyirlər. Culfa rayon Camaldın kənd sakini Haşim Əliyev deyir ki, uzun illərdir əkinçiliklə məşğuldur, lakin bu ilki qədər dəyişkən hava şəraiti ilə üzləşməyib. Onun sözlərinə görə, yağış, dolu, güclü külək taxıl zəmiləri ilə yanaşı, şitilçilik və meyvəçiliyə də ciddi ziyan vurduğundan bu il Muxtar Respublikada bol məhsul olmayacaq: «Bu il üç dəfə sahəyə tərəvəz şitilləri əkmişəm. Bir dəfə dolu məhv edib, bir dəfə yağış».


Mütəxəssislər dəyişkən havanın üzümçülüyə də mənfi təsir göstərdiyini bildirirlər. Camaldın kəndi üzümü ilə məhşurdur. Elə həmsöhbətim də bir neçə hektar üzüm bağı becərir. Haşim Əliyev deyir ki, dəyişkən hava daha sox üzümlüklərə pis təsir göstərir: «Bu il Naxçıvanda üzüm olmayacaq».


Babək rayonunda taxılçılıq və heyvandarlıqla məşğul olan Vüqar Hüseynov isə bildirdi ki, min-bir əziyyətlə səpdiyi buğdanın ən azından 25 faizini indidən itkiyə getmiş hesab etmək olar: «Belə hava şərati əsasən buğdaya ziyan vurur. Aldığımız məhsulun iyirmi faizini itirdik».


Yağışlı hava Araz sayında da suyun səviyyəsinin qalxmasına səbəb olub. Aprelin 28-də çayda suyun səviyyəsi qalxdığı üçün yaxın ərazidə yerləşən Təzəkənd yaşayış məntəqəsində 36-ya yaxın ev suyun altında qalıb. Vəziyyətdən çıxmaq üçün səlahiyyətlilər əhalini çadırlara yeləşdirdi. Hələ də 8 gündür ki, kənd sakinləri çadırlarda qalır. Evlərin sel suyundan təmizlənməsi davam etsə də, yağışların intensivləşməsi prosesi gecikdirir. Təzəkənd sakinlərinin sözlərinə görə, kəndin əkin sahələri də suyun altında qalıb məhv olub.


Naxçıvanda son təbii fəlakət isə may ayının 7-də oldu. Qəflətən başlayan güclü qasırğa 15-20 dəqiqə davam etməsinə baxmayaraq, bir sıra idarə və yaşayış binalarına xələl yetirməklə yanaşı, əkin sahələrinə, meyvə ağaclarına ciddi ziyan vurdu.


Sinoptiklər Muxtar Respublikada qeyri-sabit hava şəraitinin may ayının sonunadək davam edəcəyini bildirirlər.