Gender bərabərliyi haqda qanun layihəsi müzakirə olunur

Parlament gender bərabərliyi haqqında qanunu sentyabr ayında qəbul edə bilər

Deputat İqbal Ağazadənin fikrincə, Milli Məclis üzvləri Azərbaycan qadınının ayrıca-xüsusiləşmiş qanuna ehtiyacı olmaması mövqeyindən çıxış edirlər


Kişi və qadınların gender bərabərliyi haqda qanun layihəsi artıq birinci oxunuşda parlamentdən keçib. Amma beynəlxalq qurumlar və Azərbaycanda bu sahəylə məşğul olan qeyri-hökumət təşkilatları layihədə boşluqların və çatışmamazlıqların olduğunu bildiriblər. ATƏT-in Bakı ofisinin bir araya gətirdiyi beynəlxalq və yerli insan haqları fəalları mayın 23-də bu qanun layihəsini müzakirə eləyiblər. 6 səhifəlik qanuna elə altı səhifəlik də əlavə və dəyişikliklər üçün tövsiyələr verilib. Tövsiyələr qanunun mahiyyətini açan girişindən tutmuş, tətbiq mexanizmlərinə qədər hər şeyi əhatə edir. Tövsiyələrə yalnız beynəlxalq təşkilatlar və QHT-lərin fəalları deyil, Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsi, Milli Elmlər Akademiyası, həmçinin hökumətlə sıx əlaqədə işləyən BMT-nin müxtəlif fondlarının nümayəndələri də qoşulub. ATƏT-in Bakı ofisindən Ülvi Axundlu qanun layihəsinə edilən təklifləri qısaca belə anlatdı.


«Əsas narazılıqlar konkret mexanizmlərin olmaması, qanun icrası və monitorinqini həyata keçirəcək qurumun dəqiqləşdirilməməsi və ümumi səciyyə daşıması ilə bağlıdır».


Qanun layihəsini hazırlayan Milli Məclisin İnsan Haqları Komissiyasının üzvü, deputat İqbal Ağazadə tövsiyələrin artıq bu komissiyada müzakirə edildiyini və bəzilərinin nəzərə alınacağını deyir. İqbal Ağazadə layihəyə olan iradların bir qismini qəbul edir, amma çatışmazlıqları daha çox gender bərabərliyi ideyasının milli mentalitetə uyğunlaşdırmaq cəhdi ilə bağlayır.


«Qanun Azərbaycansayağı yazılıb, daha çox hüquqların tanınması və qadınların kişilərlə bərabərliyini açıqlamaqla kifayətlənir. Əsas iradlar qanunun Avropa Standartlarına tam uyğunlaşdırılmamasıyla bağlıdır».


Tövsiyələrə imza atanların fikrincə, gender bərabərliyi haqda qanun layihəsi müstəqil sənəd təsiri bağışlamır. Parlamentin İnsan Haqları Komissiyasınını üzvü İqbal Ağazadənin fikrincə, qanun ona görə belə şəkil alıb ki, öncəki müzakirələr zamanı deputatlar Azərbaycan qadınının ayrıca-xüsusiləşmiş qanuna ehtiyacı olmaması mövqeyindən çıxış ediblər. Bu qanun layihəsinin artıq cümə günü 2-ci oxunuşda parlamentin müzakirəsinə çıxarılması planlaşdırılıb. Sənəd tam olaraq sentyabr ayında qəbul edilə bilər.