Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Naxçıvanda jurnalistlərə təzyiqlər güclənib


Jurnalist Həkimeldostu Mehdiyev
Jurnalist Həkimeldostu Mehdiyev
Seçki öncəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və jurnalist, eyni zamanda «Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi»nin əməkdaşı İlqar Nəsibova qarşı təxribatlar və təzyiqlər başlayıb. Bu barədə RATİ-nin məlumatında deyilir.

Bölgə müxbirlərinin RATİ-yə verdikləri məlumata görə, yaşadığı Şərur rayonunda Milli Təhlükəsizlik Nazirliyinin Şərur rayon şöbəsinin əməkdaşları Həkimeldostu Mehdiyevin qohumları və yaxınlarına təzyiq edərək, onunla heç bir ünsiyyət qurmamağı təklif edir və həmin adamları psixoloji-mənəvi təzyiqə məruz qoyurlar.

Elman Abbasov və İlqar Nəsibov isə küçədə hakimiyyət tərəfindən öyrədilmiş adamlar tərəfindən nalayiq söyüşlərlə söyülür, təhqir edilir və onlara qarşı təxribat xarakterli hərəkətlər olunur.

«Evimizə sanki kamera və dinləyici qurğu qoyublar. Bizə gəlib-gedən adamları sonradan danışdırır və onlara təzyiq edirlər. Onlara mənim yaxşı işlərlə məşğul olmadığımı, Naxçıvan haqqında düzgün olmayan məlumatlar yaydığımı bildirərək, mənimlə ünsiyyət qurmamağı tələb edirlər. Həmin adamlar isə sonradan baş verənləri mənə bildirirlər. Bu işdə MTN-in Şərur rayon şöbəsi xüsusi fəallıq göstərir», - deyə H. Mehdiyev bildirib.

Sentyabrın 1-də saat 12 radələrində şəhərin mərkəzi küçələrindən birində Naxçıvan şəhər 5 Saylı Mənzil İstismar İdarəsinin mühasibatlığında işləyən bir qadın Elman Abbasova yaxınlaşaraq, onu nalayiq ifadələrlə söyüb, Mənzil İstismar Sahəsinə borcunu ödəməyi tələb edib.

«Gözlənilmədən MİS-də işləyən qadın üzərimə yeriyərək məni təhqir etməyə başladı. Səbəbini MİS-ə borclu olmağımla əsaslandırdı. Mən ona bu günə qədər olan kommunal borclarımı ödədiyimi və bu şəkildə borc istəməyin qanunsuz olduğunu, ilin sonuna qədər tələb olunan ödənişi də bank vasitəsi ilə odəməyə hazır olduğumu bildirsəm də, o məni təhqir etməkdə davam etdi», - deyə E.Abbasov bildirib.

Jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov da dəfələrlə eyni problemlə üzləşib.

İlqar Nəsibov
«Bu il ərzində dəfələrlə bu cür problemlərlə üzləşmişik. Əqli cəhətdən qüsurlu insanları öyrədərək bizə qarşı təxribatlar edirlər. Son vaxtlar tanımadığım bir neçə nəfəri tez-tez qarşıma çıxarırlar. Həmin adamlar hər dəfə əhali arasında bağıraraq şablon ifadələr işlədir. «Siz vətən xainisiniz, agentsiniz» deyərək, nalayiq söyüşlər söyür və hətta onlara əl qaldırmağım üçün cəhdlər edir. Bundan başqa, mənim mobil telefonuma gün ərzində 4-5 naməlum nömrədən zənglər olunur və danışmırlar, bunu da psixoloji təzyiq hesab edirəm», - deyə İ.Nəsibov bildirib.

İlqar Nəsibov deyib ki, öyrədilmiş şəxslər dəfələrlə onu həbs etdirəcəkləri ilə hədələyiblər:

«Budan əvvəl də belə hadisələr baş verib. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb. Hətta son vaxtlar üzərimizə hücum edilib, döyülməyimiz faktı ilə bağlı yerli məhkəmələrdə işə baxılmayıb. İndi həmin işlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Çünki bundan başqa çıxış yolumuz yoxdur».

Məsələ ilə bağlı MTN Şərur rayon şöbəsindən telefon zənglərimizə cavab verən olmayıb.

/Turan/

Buna da bax:

XS
SM
MD
LG