Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:53

Bir məhkəmə iclası da arxada qaldı...


Adnan Hacızadənin atası Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, yalançı şahidləri və müstəntiqi məhkəmə icraatına cəlb etmək istəyir. O, yalançı şahidlər dedikdə, bu gün məhkəmədə ifadə verən polisləri nəzərdə tutub.

Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadə döyüldükdən sonra bölməyə özləri getdikləri halda, polislər məhkəmədə bunun əksini iddia eləyiblər.

Hikmət Hacızadə məsələ ilə bağlı yerli və beynəlxalq hüquqşünaslarla məsləhətləşəcəyini deyir.

***

Bütün arzu edənlər, o cümlədən bəzi jurnalistlər prosesə buraxılmadılar. Məhkəmədə nəinki diktafon və fotoaparatdan istifadəyə imkan verilmədi, hətta mobil telefondan sosial şəbəkələrə mesaj göndərənlər belə prosesdən çıxarılırdılar.

Proses gedə-gedə bir neçə nəzarətçi insanlara nəzarət edirdilər ki, kimsə kənara informasiya ötürməsin. Həmin adamların ya telefonları söndürülür, ya da prosesdən çıxarılırdılar.

Bəzi şahidlərin, o cümlədən polislərin ifadələri zalda gülüşə səbəb oldu. Ona görə də həm hakim, həm də nəzarətçilər zaldakı insanlardan nizam-intizama riayət eləməyi tələb etdilər.

Müdafiə tərəfi ilə ittiham tərəfi arasında şahidlərin dindirilməsi ilə bağlı tez-tez mübahisə yaranırdı. Tərəflər bir-birindən şahidlərə yönəldici suallar verməməyi tələb eləyirdilər.

Vəkil İsaxan Aşurovun şahidlərə Emini Milli ilə Adnan Hacızadənin xəsarət aldığını əks etdirən fotoşəkillərini göstərməsi dövlət ittihamçısının qəzəbinə səbəb oldu.

Həmin fotolar gənc bloqqerlərin istintaqın iddiasının əksinə olaraq polisə özlərinin getdiyini göstərirdi.

Dövlət ittihamçısı vəkilə irad tutdu ki, bu şəkillər sübutların siyahısına aid edilməyib, ona görə də şahidlərə göstərilməməlidir.

Vəkil Elton Quliyev isə dedi ki, heç bir qanunda göstərilməyib ki, sübutlar prosesin əvvəlində təqdim edilməlidir, bu, prosesin gedişində də edilə bilər:

«Bizim məqsədimiz ədalətli araşdırmaya nail olmaqdır».

***

Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib.

***

Proses bu günlük yekunlaşdı. Növbəti məhkəmə baxışı oktyabrın 1-i saat 3-ə təyin edildi.

***

Daha sonra bloqqerlərlə birlikdə restoranda olan Orxan Qafarlı ifadə verdi. O, ifadəsində deyib ki, «biz restoranda oturmuşduq, axırda Adnan Hacızadə gəldi. Adnanın gəlməyindən beş-on dəqiqə sonra Babək və Vüsal gəldi. Oturub söhbət edirdik. Vüsal yaxınlaşdı. Eminə dedi ki, nə deyirsən? Emin dedi ki, heç nə demirəm, biz söhbət eləyirik. Sonra Vüsal Emini kəllə ilə vurdu. Adnanı da vurdu. Babək isə söyüş söyməyə başladı. Sonra biz getdik 39-cu Polis Bölməsinə. Bölmədən bizə dedilər ki, ora bizim ərazimiz deyil. Gedin Səbailə, dedik ki, uşaqlar yaralıdırlar, gedə bilmirik, zəng elədilər, polis maşını gəldi. Polis maşını ilə 9-cu Polis Bölməsinə getdik. Bizi ekspertizaya apardılar. Vüsalla Babək orda bizdən xahiş elədilər ki, bir səhvdir eləmişik, bizi bağışlayın. Sonra müstəntiq elan elədi ki, siz saxlanılırsız, onları da buraxdılar».

Daha sonra digər şahid Pərviz Atayev də ifadə verib.

***

Prosesdə dindirilən «Livan» restoranının aşpazı Araz Allahverdiyev belə ifadə verib: «Mən içəri girdim. Mənə dedilər ki, içəridə dava düşüb. Gördüm bir nəfər yıxılıb. Bir nəfər də ayaqüstədir. Mən ayaqüstə olanı arxadan qucaqladım. Amma bilmədim ki, ayaqüstə olan kimdir, yıxılan kim».

AzadlıqRadiosunun məhkəmədəki müxbiri xəbər verir ki, aşpaz Adnanla Eminlə baxıb «bunları tanımıram, bəlkə də onlar idi, bəlkə də yox. İçəri yarıqaranlıq idi. Sonra müdiriyyət gəldi və mən işimin arxasınca getdim» - deyib.

Polislərdən Zahid Daşdəmirov isə ifadəsində deyib ki, «həmin gün Suriya prezidenti Bakıya gəlirdi, biz əraziyə nəzarət eləyirdik. «Livan» restoranının qarşısından keçəndə bir nəfər bizə dedi ki, içəridə davadır. Girdik içəri, gördük ki, Eminin ayağı cızılıb, Adnanın da burnu qanayıb, dəsmalla tutmuşdu. Biz bu iki nəfəri və Orxanı (Qafarlı -B.B.) götürüb polisə gəldik».

Bu zaman gənc bloqqerlərin vəkilləri sual veriblər: Siz içəri girəndə kimlərsə dalaşırdılarmı?

Polis deyib ki, «mən dalaşanları görmədim. Restoranın sahibi mənə dedi ki, iki stoldan bir-birilərinə bakal atıblar. Mən də yerdə şüşə qırıntıları gördüm».

Vəkillər soruşublar ki, «niyə məhz bu üç nəfəri polisə apardınız?».

Zahid Daşdəmirov buna izah verə bilməyib.

İfadə verən başqa bir polis - Bəşir Bəşərov isə deyib ki, «gördük bunlar xəsarət alıblar, dedik, xəsarət alıblarsa, bunlar dalaşıblar, ona görə apardıq».

Hər iki polis etiraf eləyib ki, içəridə bu iki nəfərdən başqa xəsarət alan görməyiblər.

Bu vaxt prokuror Zahid Daşdəmirovun yadına salıb ki, «sən ifadəndə yazmısan ki, Babək adlı bir nəfər qarnını tutub divara qısılmışdı».

Zahid Daşdəmirov isə deyib ki, «mən xatırlamıram, əgər ifadəmdə yazmışamsa, deməli, elə olub».

***

«Twitter»də yerləşdirilmiş daha bir məlumata görə, ATƏT-in Bakıdakı nümayəndəsi məhkəmə prosesinə qoşulmaq niyyətindədir.

***

«Twitter» sosial şəbəkəsində yerləşdirilmiş məlumata görə isə, hazırda polis əməkdaşları şahid qismində dindirilir.

***

«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş daha bir məlumatda isə deyilir ki, «Lebanese» restoranının sahibi prosesdə deyib ki, Adnanla Emini həmin gün restoranda görməyib.

***

«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş məlumatlara əsasən, hazırda prosesdə şahidlər dindirilir.

***

Bu gün Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Məhkəmə binasının önündə isə toplaşanların sayı artır.

Buna da bax:

XS
SM
MD
LG